
PhD. MD İlyas Həsənov Azərbaycanın ilk invaziv radioloqudur. Bir çox İnvaziv Radioloji əməliyyatlar Azərbaycanda ilk yerli mütəxəssis kimi İlyas Həsənovun komandası tərəfindən həyata keçirilib. Bu əməliyyatlar arasında anevrizmaların spiral (coil) embolizasiyası, qaraciyər şişlərinin kimyəvi embolizasiyası, uşaqlıq miomasının embolizasiyası, qanayan şişlərdə (sidik kisəsi, qaraciyər, uşaqlıq) mexaniki embolizasiya və s. Artıq 15.000-dən çox invaziv radioloji əməliyyatı uğurla həyata keçirmişdir. 2007-ci ildən bəri Avropa Ürək-damar və İnvaziv Radiologiya Cəmiyyətinin Azərbaycandan olan ilk və yeganə həqiqi üzvüdür.

Həsənov İlyas Şahsuvar oğlu 8 mart 1982-ci ildə Bakıda anadan olub. 1988-1998-ci illərdə Bakı şəhəri 249 saylı orta məktəbi bitirdikdən sonra həmin il Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinə daxil olub. 2004-cü ildə həmin fakültənin cərrahiyyə ixtisasını bitirib. 2004-2006-cı illərdə Rusiyanın Sankt - Peterburq şəhərində yerləşən Mərkəzi Rentgen-Radiologiya İnstitutunda radiologiya, 2006-2008-ci illərdə isə rentgen cərrahiyyəsi üzrə rezidenturanı bitirmişdir. 2008-2009-cu illərdə Hamburqdakı (Almaniya) Esclepios Altona klinikasında invaziv radiologiya xüsusən invaziv Neyro-Radiologiya ixtisası üzrə təhsil alıb.
Bu dövrdə beyin damarlarının patologiyalarının - anevrizmalar, arteriovenoz malformasiyalar, arteriovenoz fistulalar, vazokonstriksiyalar, damar tıxanmalarının invaziv müalicəsində ixtisaslaşmışdır. 2009-2010-cu illərdə Başkent Universitetinin xəstəxanasında, İstanbulda yerləşən Medical Park xəstəxanalarında invaziv radiologiya üzrə uzunmüddətli kursları bitirmişdir. 2010-cu ildə İtaliyanın Ferrara şəhərindəki Damar Xəstəlikləri Mərkəzində professor Paola Zamboni rəhbərliyi altında venoz damarlara invaziv müdaxilələr üzrə kurs keçmişdir. Qeyd edək ki, Paola Zamboni dünyada çox yayılmış və müalicəsi hələ də tam olmayan Dağınıq sklerozun yeni müalicəsi hesab edilən CCSVI zamanı Balon Angioplastika və venoz damarların stent implantasiyasını tətbiq edən ilk həkimdir.
24 noyabr 2010-cu ildə “metastatik qaraciyər şişlərinin invaziv üsullarla müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və tibb elmləri üzrə fəlsəfə doktoru adını almışdır. Yerli və xarici jurnallarda bir çox elmi məqalələri dərc edilmişdir.
Azərbaycanda ilk İnvaziv Radioloq, Dr. İlyas Həsənov peşəkar fəaliyyətinə 2009-2012-ci illərdə Mərkəzi Gömrük Hospitalında invaziv radioloq kimi başlamışdır. 2009-2013-cü illərdə Avrasiya Klinikasının Baş Meneceri və Direktorlar Şurasının üzvü olub.
2013-2015-ci illərdə Medistyle Hospitalın baş həkimi vəzifəsində çalışıb. 2015-2016-cı illərdə Avrasiya Hospitalın baş həkimi və invaziv radioloq vəzifəsində çalışıb. 2016-2018-ci illər ərzində Gəncə Beynəlxalq Xəstəxanasında direktor və invaziv radioloq vəzifəsində çalışıb. Sonrakı illərdə (2018-2019) “Synergy Group” MMC-də direktor vəzifəsində çalışıb.
2019-2020-ci illərdə Medistyle Hospitalın baş həkimi və invaziv radioloq, 2020-2021-ci illərdə isə Səhiyyə Nazirliyinin Modul Tipli Xəstəxanasının baş həkim müavini vəzifələrində çalışıb. 2021-2022-ci illərdə Medistyle Hospitalda direktor və invaziv radioloq vəzifəsində çalışıb. 2022-2023-cü illərdə Olimp Hospitalda İnvaziv Radioloq vəzifəsində çalışıb.
Hal-hazırda Zəfəran Hospitalda İnvaziv Radioloq vəzifəsində çalışır.
İlyas Həsənov ailəlidir, iki övladı var. Öz peşəsinə sadiq həkim olduğu üçün istirahətə çox az vaxtı qalan İlyas Həsənov bu vaxtı ailəsi ilə keçirməyə üstünlük verir, hobbiləri xizək sürmək və ovçuluqdur. İngilis, rus və türk dillərini mükəmməl bilir.